Qarabağ məhsulları dünya bazarında
Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” zavodunda yüksək standartlara cavab verən divar kağızı istehsal edilir. Məhsullar Avropa standartlarına uyğun hazırlanır və istehsalatda istifadə olunan xammal dünyanın ən qabaqcıl şirkətlərindən alınır. Zavodun direktoru Əli Əliyev bildirib ki, bir istehsal xətti və 20 işçi qüvvəsi ilə ildə 2 milyon rulon divar kağızı istehsal etmək gücündədirlər. Yeni istehsal xətlərinin istifadəyə verilməsi ilə daha 60 nəfərin işsizlik problemi geridə qalacaq. İşləyənlərin böyük əksəriyyəti Ağdam sakinləridir. Müəssisə dünya ölkələrinin təcrübəsindən yararlanmaq üçün istehsalata bir neçə xarici mütəxəssis də dəvət edib. Divar kağızlarından işğaldan azad edilmiş ərazilərdə evlərin, müəssisələrin qurulmasında istifadə olunmaqla yanaşı, artıq xaricə ixrac da olunur. İlk ixrac ünvanı isə Gürcüstan olub. Əli Əliyev bildirir ki, ixrac coğrafiyasını genişləndirmək üzərində işləyirlər. Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan zavodun məhsulları ilə yaxından maraqlanır.
Son hesabata əsasən, “Mister Decor”a 7,5 milyon manat investisiya yatırılıb. Yaxın zamanda daha 2,5 milyon manat yatırım ediləcək ki, bununla da 2 istehsal xətti yaradılacaq və yeni mütəxəssislər işə cəlb ediləcəklər.
Ağdam Sənaye Parkında fəaliyyətə başlayan müəssisələrin sayı 9-a çatıb
Ağdam Sənaye Parkı rezident sayına görə yalnız Sumqayıt Kimya Sənaye Parkından geri qalır. Artıq Parkda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ümumi investisiyaların həcmi isə 260 milyon manatdır. İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndəsi Elçin Kazımov bildirib ki, rezidentlər indiyə kimi parkda görülmüş işlərə 92 milyon manat civarında investisiya yatırıblar. Bu rəqəm getdikcə yüksəlir. Fəaliyyət göstərən 9 müəssisədə dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar istehsal edilir. Parkda fəaliyyət göstərən sahibkarlar daxili tələbatı ödəməklə bərabər, ixracda da maraqlıdırlar və daima yeni bazarlar axtarışındadırlar. Türkiyə, İraq, MDB, Avropa ölkələrinə ixrac istiqamətində danışıqlar aparılır.
Ağdam Sənaye Parkı genişlənməkdədir. Bəzi rezidentlər qısa zaman kəsiyində istehsala başlamaq üçün layihələndirmə, tikinti-quraşdırma işlərini sürətləndiriblər. İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndəsi Elçin Kazımovun sözlərinə əsasən, 2025-ci ildə sənaye parkında bir sıra yeni müəssisələrin açılması planlaşdırılıb ki, bunlar da tütün və tikinti məhsulları istehsal edən zavodlar olacaq.
Parkda yaradılan iş yerlərinin sayı 370-i ötüb
Artıq 32 sahibkarlıq subyekti 370-dən artıq daimi iş yeri yaradıb. Sənaye parkı tam gücü ilə fəaliyyət göstərdikdə burada çalışacaq şəxslərin sayı 2300 nəfər olacaq. İqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, sənaye parklarının çoxalması qeyri-neft sektorunun dayanıqlı model üzərində qurulmasına müsbət təsir edir. Eskpert vurğulayır ki, Qarabağdakı sənaye zonalarında gələcəkdə kənd təsərrüfatı əsaslı emal müəssisələrinin yaradılması da gündəmdədir. Bu reallaşdıqda təkcə Ağdamdan deyil, qonşu rayonlardan da məhsullarını müəssisəyə təhvil vermək istəyənlərin sayı artacaq. Nəticədə məşğullun coğrafiyası genişlənəcək. Bunun baş verməsi kənd təsərrüfatını da stimullaşdıracaq. Ekspertin fikrinə əsasən, dayanıqlı iş yerlərinə nail olmaq üçün, fəaliyyət növləri bir-birinə inteqrasiya olunmalıdır.
Bərdə-Ağdam dəmiryolunun açılmasından gözləntilər
2020-ci ilin sonundan Bərdə-Ağdam dəmiryolu xəttinin yenidən qurulmasına start verilib. Təqribi uzunluğu 47 kilometr olan bu yol Yevlax-Xankəndi xəttinin bir hissəsi hesab olunur. Eskpertlərə görə, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə paralel olaraq, dəmiryolu xətlərinin də yenilənməsi iqtisadi aktivliyi artırmağa hesablanmış addımdır. Üstəlik, dəmiryolu ilə yükdaşımalar digərlərinə nisbətən daha rentabellidir. Daha uzaq məsafəyə, minimum xərclə məhsul daşımaq olur. İqtisadçı-ekspert Fuad İbrahimov Bərdə-Ağdam dəmir yolunun tikintisinin gələcəkdə birbaşa olaraq Ağdam Sənaye Parkına təsir edəcəyi qənaətindədir. O bildirir ki, bu xətlə istehsal olunan yükləri əvvəlcə Ağdam-Bərdə-Yevlax qovşağına çıxarmaq, oradan da Bakı-Tbilisi-Qars xətti ilə dünya bazarına göndərmək olacaq. Gələcəkdə Zəngəzur dəhlizinin bir hissəsi olacaq Horadiz-Ağbənd dəmir yolunun da tikintisini nəzərə alsaq, bu xətlər hər iki sənaye parkında istehsal ediləcək məhsulların dəmiryolu ilə xarici bazarlara çıxışını asanlaşdıracaq. Orta Dəhlizin önəmli ökəsi kimi, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində olması da bu sənaye zonalarının dünya bazarına çıxışını sürətləndirmiş olacaq.
Sahibkarlara verilən güzəştlər
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahbkarlarla bağlı stimullaşdırıcı tədbirlər bölgənin canlanması üçün əlverişli mühit formalaşdırır. İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bununla Qarabağda işləməyə maraq təşviq edilir. İş yerləri çoxaldıqca məşğul əhalinin sayında da nəzərəçarpacaq artım baş verir. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafına və bölgənin inteqrasiyasına əlavə töhfədir.
Sonda onu da qeyd edək ki, sənaye parklarının Ağdam və Cəbrayılda yaradılması təsadüfi seçilməyib. Cəbrayıl Zəngəzur dəhlizi yolunun üzərində yerləşir ki, bu dəhliz fəaliyyətə başladıqda Sənaye Parkının məhsulları Naxçıvandan keçməklə Türkiyəyə rahat çatdırıla biləcək. Ağdam isə erməni işğalından öncə ölkənin ciddi sənaye mərkəzlərindən biri olub. Burada müxtəlif təyinatlı zavod və fabriklər fəaliyyət göstərib.
Faiq KƏRİMOĞLU