“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb

2024.12.07 11:34 (UTC+04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5 %-ə yüksəldib.

Bu barədə “Report” agentliyin məlumatına istinadən xəbər verir.

“S&P” qeyd edir ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.

"2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9 % təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 %-dən (iyun proqnozu) 4,5 %-ə qədər yenidən nəzərdən keçirmişik", - məlumatda vurğulanıb.

Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8 % artmış qeyri-neft sektorudur.

"Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik", - agentlik bildirib.

“S&P” orta müddətli perspektivdə Azərbaycanın qeyri-neft sektorunun illik 3-4 % səviyyəsində artacağını gözləyir. Bununla yanaşı, analitiklər hesab edirlər ki, struktur islahatları və iqtisadi diversifikasiya üzrə növbəti tədbirlər qeyri-neft sektorunun artım tempinin sürətlənməsinə kömək edə bilər.

“S&P”nin proqnozlarına görə, 2025-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2 % təşkil edəcək.

Agentlik Azərbaycanın ÜDM-nin nominal həcmini 2025-ci il üçün 127 milyard manat (75 milyard ABŞ dolları), 2026-cı il üçün 132 milyard manat (78 milyard ABŞ dolları), 2027-ci il üçün 137 milyard manat (81 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Ölkə hökumətinin proqnozlarına görə, ÜDM artımı 2024-cü ildə 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 % təşkil edəcək.

Report