Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya hazırdır

2019.07.29 12:27 (UTC+04:00)

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazırdır. Bu barədə məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, indiyədək sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. Gürcüstan və Türkiyə tərəfləri bu xətlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra daşımalara start veriləcək.

Qeyd edək ki, bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" QSC ilə Fransanın "Alstom" şirkəti arasında lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsi üzrə müqavilə imzalanıb. Müqaviləni "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Alstom" şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıblar.