İslahatlar sahibkarlarla vergi orqanları arasında etimadı artırıb

2019.07.29 11:21 (UTC+04:00)

- Tahir müəllim, bu ilin ilk 6 ayında əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 101 minə qədər artıb. Bunu iqtisadi münasibətlərin tənzimlənməsi baxımından necə qiymətləndirirsiniz?

- Əmək münasibətlərinin rəsmiləşdirilməsi səviyyəsinin artması "kölgə iqtisadiyyatı"nın payının azalması üçün əsas şərtdir. Azərbaycanda əmək müqavilələrinin sayının çoxalması, bir tərəfdən, iqtisadi inkişaf nəticəsində yeni iş yerlərinin artması ilə bağlıdırsa, digər tərəfdən, aparılan iqtisadi islahatlar nəticəsində qeyri-qanuni əmək münasibətlərinin rəsmiləşdirilməsi səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Hər iki bağlılıq iqtisadiyyat üçün müsbət təsirə malikdir. Başqa bir tərəfdən, əmək münasibətlərinin rəsmiləşdirilməsi səviyyəsinin artması insanların daha çox sosial qayğı ilə əhatə olunmasına və pensiya təminatlarının səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu faktlar sahibkarlar arasında haqlı və bərabər rəqabət şəraitinin daha da yaxşılaşmasına mühüm təsir edir.

Vergi sahəsində aparılan islahatlar vergi yığımında inzibatçılığı təkmilləşdirib ki,
bu da paralel olaraq sahibkar-vergi münasibətlərində etimadı daha da artırıb

- Dövlət büdcəsinə vergi daxilolmalarının həcmində də nəzərəçarpacaq artımlar müşahidə edilir...

- Dövlət büdcəsində vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət və keyfiyyətcə artımı bir sıra amillərlə bağlıdır. İlk olaraq, dövlət başçısı tərəfindən aparıdan iqtisadi islahatların qısa zamanda müsbət təsiri, şəffaflaşma səviyyəsinin yüksəlməsi və qeyri-neft sektorunun böyüməsini göstərmək olar. Digər tərəfdən, vergi sahəsində aparılan islahatlar vergi yığımında inzibatçılığı təkmilləşdirib ki, bu da paralel olaraq sahibkar-vergi münasibətlərində etimadı daha da artırıb. Düşünürəm ki, islahatların davam etməsi və etimadın yüksəldilməsi kimi uzun müddətə hesablanmış tədbirlər vergi yığımlarında bundan sonra da artımlara gətirib çıxaracaq. Azərbaycan iqtisadiyyatının potensialı böyükdür. Dövlət-sahibkar münasibətlərində yeni mərhələ təkcə dövlət büdcəsinin gəlirlərini artırmır, eyni zamanda sahibkarların ölkənin iqtisadi potensialından daha çox istifadə etmələrinə imkan yaradır.

Sahibkarlıq subyektlərinin sayının artımı ümumi məhsul və xidmətlərin
istehsalının həcmini artırır, yeni iş yerlərinin açılmasını təmin edir

- Qeydiyyatda olan vergi ödəyicilərinin sayının və ödənilən vergilərin həcminin artması iqtisadi aktivliyə necə təsir edir?

- Sahibkarlıq subyektlərinin sayının artması, təbii olaraq, ikili təsirə malikdir. Bir tərəfdən, bu, iqtisadi aktivliyin artmasının, iqtisadiyyatın böyüməsinin nəticəsidir. Digər tərəfdən, sahibkarlıq subyektlərinin sayının artımı ümumi məhsul və xidmətlərin istehsalının həcmini artırır, yeni iş yerlərinin açılmasını təmin edir. Təbii ki, bütün hallarda daha çox gəlir əldə edən sahibkar daha çox vergi verir, bu isə dövlətin iqtisadi və sosial gücünün artması üçün vacib şərtlərdəndir.

- Qeyri-neft-qaz sektorunda daxilolmaların əsas hissəsi maliyyə, rabitə və xidmət sektorlarının payına düşüb. Sizcə, bu, nə ilə bağlıdır?

- Qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının böyük hissəsinin həmin sektorların payına düşməsi obyektiv səbəblərlə bağlıdır. İlk növbədə, qeyri-neft-qaz sektorunda mühüm paya malik olan aqrar sektor, əsasən, vergidən azaddır. Digər tərəfdən, ölkənin qeyri-neft-qaz sektorunda böyük paya malik olan sənaye istehsalı da vergidən azad olunan sənaye parklarında cəmləşdiyindən, vergi daxilolmalarında xidmət sektorunun payı daha yüksəkdir. Ancaq nəzərə alsaq ki, sənaye parklarında vergi güzəştləri müddətlidir, o halda, düşünürəm ki, müəyyən müddətdən sonra vergi daxilolmalarında bütün sektorların payının artmasının şahidi olacağıq.

Nəzərə alsaq ki, sənaye parklarında vergi güzəştləri müddətlidir, o halda,
düşünürəm ki, müəyyən müddətdən sonra vergi daxilolmalarında
bütün sektorların payının artmasının şahidi olacağıq

- Bank sektorunun inkişafının biznes mühitinə təsirlərini necə qiymətləndirirsiz? Hansı dəyişikliklər gözlənilir?

- Bank sektorunun inkişafı biznesin inkişafı üçün ən əsas şərtlərdəndir. İqtisadiyyatın şah damarı sayılan bank sektorunda ciddi islahatlar aparılır, sağlamlaşdırma prosesi gedir. Ölkədə makroiqtisadi sabitliyin hökm sürməsi maliyyə sektoruna daha uzunmüddətli və yaradıcı layihələrin dəstəklənməsinə imkan yaradır. Düşünürəm ki, hazırda qarşıda duran əsas məqsəd iqtisadi inkişafda maliyyə sektorunun rolunu daha da artırmaq və onu yaradıcı etməkdir. Bank sektoru bütün dünyada iqtisadiyyatın və layihələrin effektivliyinin sərt nəzarətçisi rolunu oynayır, sərfəli kredit qoyuluşları ilə iqtisadiyyatın böyüməsinə şərait yaradır. Bu baxımdan, Azərbaycanda da maliyyə sektorunun iqtisadi inkişafda daha aktiv və yaradıcı rol oynaması gözlənilir.

Fərqanə ALLAHVERDİQIZI