Ölkənin strateji valyuta ehtiyatlarında artım qeydə alınıb

2024.12.03 17:38 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 faiz artaraq oktyabr ayının 1-nə 73,5 milyard ABŞ dollarına bərabər olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Qeyd edilir ki, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları bu dövrdə 1,6 faiz artımla 11,8 milyard dollara çatıb. Dövr ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

Cari ilin sentyabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 35,5 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,5 dəfə üstələyib (01.10.2024-cü il tarixinə olan M2 pul aqreqatı götürülməklə).