İşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?

2024.12.03 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir. Vergi Məcəlləsinin 226.2-ci maddəsinə görə, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi Məcəlləsinin müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə şamil edilmir. Bu halda, vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

Əsas: Vergi Məcəlləsinin 226-cı, 227-ci maddəsi