Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu 2026-cı ilə qədər metan emissiyaları üzrə hesabatlılıq sahəsində qızıl standartına çatmağı hədəfləyir.
Bu barədə TAP-ın icraçı direktoru Luka Skyeppati məlumat verib.
Onun sözlərinə görə, metan emissiyalarının idarə olunması TAP-ın qlobal emissiya idarəetmə strategiyasının əsas elementidir.
"Bu strategiyanın mərkəzində 2022–2025-ci illəri əhatə edən Karbon İdarəetmə Planına daxil edilmiş Metan Emissiyalarını Azaltma Planı (MERP) dayanır. TAP fəaliyyətə başladığı vaxtdan etibarən qeyri-mütəşəkkil metan emissiyalarının aşkarlanması və kəmiyyətcə qiymətləndirilməsi üçün bir sıra kampaniyalar həyata keçirib. Bu tədbirlər itkilərin aşkarlanması və aradan qaldırılması kampaniyaları (LDAR) olaraq tanınır və Yunanıstan və Albaniyada 2021 və 2023-cü illərdə, həmçinin İtaliyada 2021, 2022 və 2023-cü illərdə əsas obyektlərdə keçirilib. Onların məqsədi təşkil olunmamış emissiyaların aşkar edilməsi, ölçülməsi və bu problemlərin həlli üzrə planın hazırlanması və həyata keçirilməsidir", – deyə L.Skyeppati qeyd edib.
Onun sözlərinə görə, kampaniyalar çərçivəsində qeyri-mütəşəkkil emissiyalara məruz qalan bütün infrastruktur elementləri – klapanlar, birləşdiricilər, təzyiq təhlükəsizlik klapanları, ventilyasiya dəlikləri, axın ölçənlər və flanşlar diqqətlə yoxlanılıb.
L.Skyeppati vurğulayıb ki, TAP karbon izinin azaldılması istiqamətində innovativ yanaşmalar tətbiq etməyə davam edir və metan emissiyalarının idarə edilməsində şəffaflıq və məsuliyyət nümunəsi olmağı hədəfləyir.
Bundan əlavə, TAP-ın icraçı direktoru bildirib ki, 2023-cü ilin yanvarında TAP Neft və Qaz Sənayesi üzrə Metan Tərəfdaşlığı 2.0 (OGMP 2.0) təşəbbüsünə qoşulub.
"Bu proqram BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində təşkil olunan metan emissiyalarının hesabatlılığı və azaldılması sahəsində qabaqcıl bir təşəbbüsdür. Onun məqsədi emissiyalar haqqında məlumatların dəqiqliyini və şəffaflığını artırmaqdır. TAP 2025-ci il məlumatlarına əsaslanaraq, 2026-cı il hesabat dövründə qızıl standartına çatmağı hədəfləyir. Üstəlik, TAP artıq 2023-cü il məlumatları əsasında 2024-cü il hesabat dövründə qızıl standartına nail olub ki, bu da metanın effektiv idarə edilməsinə və ekoloji göstəricilərin daimi yaxşılaşdırılmasına sadiqliyimizi göstərir", – deyə o əlavə edib.
Trend