Ekspertin sözlərinə görə, adıçəkilən sahələrin maliyyələşməsini təmin etməklə iqlim dəyişikliklərinin iqtisadiyyat üçün mümkün mənfi fəsadlarının qarşısının alınması prioritet təşkil edir: “Yaşıl layihələrin təməl prinsiplərindən biri mümkün zərərvermənin qarşısını almaqdır. Yəni bir işi görərkən digər sektorlara və sahələrə zərər verilməməsi, eləcə də işsizlik və digər bu kimi mənfi fəsadların yaranmaması nəzərə alınacaq. Burada əsas məsələlərdən biri də yaşıl iqtisadiyyat sahələrinə yatırılan investisiyaların geridönüşü ilə bağlıdır. İnvestisiyaların geridönmə müddəti, adətən, həddindən artıq olur. Ona görə də bərpaolunan enerji, su resursları və çirklənmələrin qarşısının alınması, yaşıl nəqliyyat, yaşıl binaların inşası və s. sahələrin maliyyələşməsini stimullaşdırmaq nəzərdə tutulur. Burada vergi və digər sosial güzəştlər ola bilər. Bununla da həmin layihələri şirkətlər, bu tipli layihələri maliyyələşdirən investorlar üçün cəlbedici etmək olar”.
Sənəddə gəlirdən daha çox sosial məsuliyyət yanaşmasının önə çəkildiyini vurğulayan C.İbrahimli “qızıl orta”nı gözləməklə həmin sahələrin maliyyələşdirilməsi və iqtisadiyyatın yaşıllaşdırılmasının mümkün olacağını bildirir və bu prosesin digər dövlət strukturlarının dəstəyi ilə aparılmasını vacib hesab edir: “Əslində, ortaya qoyulan çərçivə sənədi kimi Yaşıl Taksonomiya bu mexanizmin təşkil olunması, sahələrin, prinsiplərin müəyyən edilməsi, bu istiqamətə stimullaşdırıcı tədbirlərin yönəldilməsi, layihələrdə iştirak edən hüquqi şəxslərin, özəl və dövlət şirkətlərinin, eləcə də investorların ortaq maraqlarını təmin edəcək çərçivənin müəyyənləşdirilməsidir. Ölkənin maliyyə sektorunun həmin layihələrin maliyyələşdirilməsində fəal iştirakı gözlənilir: yaşıl kreditlər, yaşıl istiqrazlar kimi maliyyə alətlərinin yaradılması mümkündür. Yaxın gələcəkdə yaşıl maliyyələşmə ilə bağlı investisiya fondlarının yaradılması da gündəmdədir. Bu fondlar sırf yaşıl iqtisadiyyat sahələrini maliyyələşdirəcək. Düşünürəm ki, bu tipli maliyyələşmə çərçivəsində iqtisadiyyatın yaşıllaşdırılması və dayanıqlığının artırılması təmin oluna biləcək”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyevin sözlərinə görə, ölkədə fəaliyyət göstərən kommersiya bankları, BOKT-lər, kredit ittifaqları, sığorta şirkətləri, qiymətli kağızlar bazarının iştirakçıları və fintexlər, eləcə də Mərkəzi Bankın tənzimləmə çərçivəsinə düşən qurumlar bu sənəddən yararlanır: “Maliyyə sektorunda dəyişən əsas amillər investisiya tələb olunan zaman həmin layihənin ətraf mühitlə münasibətinin qiymətləndirilməsindən ibarət olacaq. Bundan sonra hər hansı qurum və ya şəxs investisiya üçün müraciət edərkən təqdim etdikləri biznes planlarında, layihələrdə fəaliyyət göstərəcəkləri sahədə ətraf mühitlə bağlı öhdəliklərini əks etdirməlidirlər. Bununla investisiya ayrılan layihələrin ekoloji təsirləri qiymətləndiriləcək. Bu da COP29-da qoyulan öhdəliklərin yerinə yeririlməsinə töhfə verəcək”.
Sənəddə yeni terminlərin yer aldığını deyən R.Atakişiyev dairəvi iqtisadiyyat, binaların ekoloji səmərəliliyinin qiymətləndirilməsi kimi ifadələri izah edərkən fəaliyyətini dairəvi iqtisadiyyatda quran müəssisənin tullantısız yeni məhsullar istehsal edəcəyini bildirib: “İndiyədək binalar istifadəyə verilərkən təhlükəsizlik normaları yoxlanılırdı. Bundan sonra isə yeni binaların dayanıqlılığı, eləcə də ekoloji səmərəliliyi, yəni ətraf mühitlə əlaqəsinin necə qurulduğu qiymətləndiriləcək. Yəni həmin binada yaşayan insanlar üçün rahat giriş-çıxışın təmin olunması, həyətyanı sahədən səmərəli istifadə, su və kanalizasiya sisteminin ətraf mühitə təsirləri və digər bu kimi amillər nəzərə alınacaq. Yaşıl Taksonomiyada diqqət çəkən məqamlardan biri də iqlimə zərər verilməməsi prinsipinin aktuallığıdır. Məsələn, kənd təsərrüfatı sektorunda ərazilərin böyük hissəsinin şoranlaşmasını müşahidə edirik. Bu, düzgün suvarmanın aparılmamasından irəli gəlir. Yaşıl maliyyə ilə qurulan əkinçilik, balıqçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarında insan fəaliyyətinin ətraf mühitə təsirlərinin minimuma endirilməsi önə çəkilir”. Mütəxəssis yaşıl maliyyə ayrılacaq iqtisadi fəaliyyət sahələrində təbii müxtəlifliyin və ekosistemin mühafizəsi, bərpası məsələlərinin prioritet olacağını vurğulayıb.
Fərqanə ALLAHVERDİQIZI