Asan Jakişev: “Made in Turan” vahid brendinin böyük perspektivləri var” MÜSAHİBƏ

2024.11.27 12:49 (UTC+04:00)

- Azərbaycan və Qazaxıstan arasında elektron ticarət sahəsində əməkdaşlığın perspektivlərini necə dəyərləndirirsiniz? Qazaxıstanda bu sahədə vəziyyət necədir?

- Azərbaycanda elektron ticarətin inkişafı üçün böyük perspektivlər görürəm. Ölkənizdə bu sahə inkişaf etməkdədir. Qazaxıstanın təcrübəsi bu baxımdan yaxşı nümunə ola bilər. Ölkəmizdə bir sıra elektron platformalar fəaliyyət göstərir. İnsanlar istənilən qurğu üzərindən məhsul sifariş etməyin nə qədər rahat olduğunu anlayırlar. Birmənalı olaraq, bu, qiymət baxımından adi mağazadan daha ucuz başa gəlir. Əsasən qida və elektronika məhsullarına böyük tələbat var. E-ticarət həm bank, həm də digər rəqəmsal xidmətlərin mobil proqram vasitəsilə istifadəçilər üçün əlçatan olduğu Qazaxıstan bazarına iri rəqəmsal bank olan “Kaspi Bank”ın gəlişi ilə daha da məşhurlaşdı. Bu platforma üzərindən e-ticarətlə yanaşı, avtomobili təkrar qeydiyyatdan keçirmək, cərimələri ödəmək, bütün lazımi sertifikatları, sənədləri almaq, bəyannamə doldurmaq və s. kimi xidmətlərdən yararlanmaq olar. Həmçinin, Qazaxıstan bazarında “Wildberries” və ”Ozon” kimi Rusiya platformaları uğurla fəaliyyət göstərir.

Azərbaycanda elektron ticarətin inkişafı üçün böyük perspektivlər görürəm

Qazaxıstan şirkətləri də öz məhsullarını tanıtmaq üçün digər xarici platformalara çıxmaq istəyirlər. Məsələn, bu gün “KazTrade” “Alibaba” platforması vasitəsilə Çin bazarına çıxmağa dəstək göstərir. Azərbaycanda bu sahə inkişaf mərhələsindədir. Bu, olduqca zəruri istiqamətdir. Burada əhalinin Qazaxıstandan, demək olar ki, iki dəfə az olduğu aydındır, lakin buna baxmayaraq, böyük şəhərlərdən başlayaraq hədəf auditoriyanı seçmək olar.

- “Made in Turan” brendinin təşviqində hansı perspektivləri görürsünüz?

- Tarixən münasibətlərini inkişaf etdirən qardaş türk dövlətləri olaraq biz əməkdaşlıq etməli, eyni istiqamətdə irəliləməliyik. “Made in Turan” vahid brendinin böyük perspektivləri var. Biz Avropaya və qlobal bazarlara çıxacağıq, bu bazarlarda bütöv olaraq görünəcəyik. Təbii ki, hər bir ölkənin öz nailiyyətləri var və bu nailiyyətlər vahid himayə altında təbliğ edilməlidir. Düşünürəm ki, bu, çox yaxşı ideyadır və əlbəttə ki, böyük perspektivlərə malikdir.

- Azərbaycan və Qazaxıstanın işgüzar dairələri arasında əlaqələrin inkişafı və əməkdaşlıq istiqamətində hansı işlər görülür?

- Qazaxıstan Xarici Ticarət Palatası Milli Sahibkarlar Palatasının törəmə təşkilatıdır. Biz Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti ilə tanış olduq. Mən KOBİA-nın ofisini ziyarət etməkdən məmnun oldum, bu mənim üçün çox faydalı oldu. KOB-lar üçün biznes evinin yaradılması ideyasının böyük nailiyyət olduğunu düşünürəm. “KOB evi” öz biznesini qurmaq istəyənlər üçün onları maraqlandıran bütün məsələlər üzrə məsləhət ala biləcəkləri bir pəncərə rolunu oynayır. Bu, olduqca rahatdır.

Tarixən münasibətlərini inkişaf etdirən qardaş türk dövlətləri olaraq biz əməkdaşlıq etməli, eyni istiqamətdə irəliləməliyik

Biz Qazaxıstan Xarici Ticarət Palatası olaraq həm də xarici bazarlarda biznesi dəstəkləyir və təşviq edirik. Bu məqsədlə sahibkarların bütün cari məsələləri müzakirə edə biləcəkləri İşgüzar şuraların görüşlərini keçiririk. İşgüzar Şura Azərbaycanla da uğurla fəaliyyət göstərir. Şuranın sonuncu görüşü bu ilin iyul ayında Bakıda keçirilib və burada Qazaxıstan və Azərbaycanın işgüzar dairələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu il ümumilikdə İşgüzar Şuranın iki görüşü keçirilib. Bu cür tədbirlərin təşkili gələn il də davam edəcək.

Bu yaxınlarda Qazaxıstan Sahibkarlar Assosiasiyasına rəhbərlik edən Dauren Bimov yeni həmsədr təyin edilib. O, logistika sektorunda böyük təcrübəyə malikdir. İnanıram ki, onların indi həyata keçirməyi planlaşdırdıqları layihələr hər iki ölkənin iqtisadiyyatının inkişafına böyük stimul verəcək. Palatamızın vəzifəsi belə təşəbbüsləri təbliğ etməkdir. Ona görə də hesab edirəm ki, bizim vasitəmizlə Azərbaycan təkcə Qazaxıstanın deyil, digər ölkələrin də bazarlarına çıxa bilər.

Hüseyn VƏLİYEV