Avtomobil idxalının strukturunda elektromobillərin payı artır

2024.11.25 12:14 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 104,2 milyon ABŞ dolları dəyərində 2592 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 6 faiz və ya 5,9 milyon dollar, say baxımından isə 6,9 faiz və ya 167 ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkəyə 1,48 milyard dollar dəyərində 74,7 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,46 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,48 faiz bəndi çoxdur.