"PowerChina Resources Ltd." şirkəti ilə yaşıl enerji sahəsində potensial işbirliyi müzakirə olunub YENİLƏNİB

2024.11.21 15:48 (UTC+04:00)

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.

Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

Həmçinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

-----

14:09

"PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə keçirdiyimiz görüşdə yaşıl enerji sahəsində potensial işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanları barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.