Amerikalılar böyük şəhərlərdən köçürlər

2019.01.03 11:21 (UTC+04:00)

ABŞ-da ictimaiyyət üçün açıqlanmış rəsmi statistikaya görə, ölkənin ən böyük şəhərlərindən olan Çikaqo, Nyu-York və Los Anceles kimi metropolların əhalisi ildən-ilə azalır. Böyük şəhərlərdən köçün başlıca səbəblərindən biri kimi burada yerli vergilərin yüksək olması göstərilir.

Statistik hesablamalara əsasən, 2014-cü ildə Çikaqodan köçənlərin sayı 105 min 219 nəfər olduğu halda, 2017-ci ildə bu şəhəri tərk edənlərin sayı 155 min 820 nəfərə çatmışdır. 2014-cü ildə Nyu-York şəhərinin köçən əhalisinin sayı 43 min 866 nəfər, 2017-ci ildə isə 131 min 560 olmuşdur. "Mələklər şəhəri" adlandırılan Los Ancelesi 2014-cü ildə 12 min 392 adam tərk etmişdi, 2017-ci ildə isə bu rəqəm on dəfədən çox artaraq 127 min 630-a yüksəlmişdir. Qeyd edilmişdir ki, köçənlərin əksəriyyəti illik gəlirləri 30-60 min dollar arasında olan orta təbəqəyə məxsus insanlardır.