Elektrik avtomobillərinin istifadəçiləri üçün mobil tətbiq hazırlanıb

2024.11.20 16:11 (UTC+04:00)

"Azərişıq" ASC tərəfindən elektrik avtomobillərinin istifadəçiləri üçün mobil tətbiq hazırlanıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərişıq” ASC-nin Texnoloji innovasiyalar və beyin mərkəzinin müdiri Fərid Zalıyev deyib.

Onun sözlərinə görə, Bakıda enerjidoldurma məntəqələrinin (EDM) sayı 300-ə çatdırıldıqdan sonra mobil tətbiq istifadəçilərin ixtiyarına veriləcək. Hazırda paytaxt üzrə məntəqələrin sayı 120-dir.

"İstifadəçilər mobil əlavə vasitəsilə stansiyaların yerləşdiyi məkanı görəcəklər. Bununla yanaşı, sürücülər stansiyanın enerjidoldurma resursu barədə interaktiv şəkildə məlumat ala biləcəklər. Misal üçün, avtomobilin kilovatından asılı olaraq, ən sürətli tam enerjidoldurma müddəti 30 dəqiqə təşkil edir. Bu o deməkdir ki, həmin EDM 100 faiz güclə işləyir. Məntəqəyə ikinci avtomobil qoşulduqda enerjidoldurma sürəti 80 faizə enir. Yəni avtomobil artıq 30 dəqiqə deyil, 40 dəqiqəyə enerji ilə tam doldurulur. Bu tətbiq sürücülərə vaxtı qabaqcadan planlaşdırmağa imkan verəcək",- F.Zalıyev bildirib.

Hüseyn VƏLİYEV