Məktəbəqədər təhsil müəssisələrinin vergidən azad olması bu sahənin inkişaf etdirilməsinə yönəldilib

2019.07.27 12:10 (UTC+04:00)

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bilirib ki, Vergi Məcəlləsinə edilmiş son düzəlişlərdə məktəbəqədər təhsil müəssisələrinə 1 yanvar 2014-cü il tarixindən növbəti 10 il üçün vergidən azad edilməsində əsas məqsəd vergi siyasəti yolu ilə bu müəssisələrin fəaliyyətini tənzimləmək, uyğun bazar qiymətinin formalaşmasına təsir göstərmək, sektora özəl sərmayənin yatırılmasını təşviq etmək, o cümlədən əhalinin tələbatını qarşılayacaq şəkildə uşaq evlərinin açılmasına nail olmaqdır: "27 dekabr 2013-cü ildə qəbul olunmuş və cəmi iki maddədən ibarət olan "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunun 1-ci maddəsinə görə, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Bununla yanaşı, həmin müəssisələr digər fəaliyyətlə məşğul olduqda Vergi Məcəlləsinə uyğun olaraq vergiyə cəlb olunurlar".

Fəxriyyə İKRAMQIZI