Litvanın dövlət büdcəsinin gəlirləri açıqlanıb

2019.07.26 19:06 (UTC+04:00)

Litvanın Maliyyə Nazirliyindən bildirilib ki, 2019-cu ilin ilk yarısının nəticələrinə görə dövlət və bələdiyyə büdcələrinin gəlirləri proqnozlaşdırılandan 174,1 milyon avro çox olub. Dövlət büdcəsinə daxilolmaların ümumi məbləği 4,366 milyard avro olub – bu, proqnozla müqayisədə 92,1 milyon avro çoxdur. Vergi daxilolmalarının məbləği 3,968 milyard avro - proqnozda nəzərdə tutulduğundan 57,6 milyon avro çoxdur. Bununla belə, əlavə dəyər vergisi (ƏDV) üzrə büdcəyə daxil olan vəsait planda nəzərdə tutulandan 18,8 milyon avro az – 1,842 milyard avro olub. Maliyyə Nazirliyi belə hesab edir ki, ƏDV gəlirlərinin azalması ƏDV ödəyicilərinə artıq ödənilmiş məbləğlərin sürətlə qaytarılması ilə bağlıdır.

Aksizli mallar üzrə dövlət büdcəsinin 737,7 milyon avro gəliri olub – bu göstərici isə proqnozdan 21,5 milyon avro çoxdur. Respublika büdcəsinin gəlir hissəsi ilin ilk altı ayında 8,668 milyard avro olub. Avropa İttifaqının vəsaitləri nəzərə alınanda bu göstərici 10,59 milyard avroya çatır. Maliyyə Nazirliyindən bildirilib ki, 2018-ci illə müqayisədə büdcə gəlirlərinin əhəmiyyətli şəkildə artması dövlət sosial sığorta haqqının bir hissəsinin əhalinin gəlir vergisinə köçürülməsi ilə bağlıdır.