BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Ədalətli keçiddə vergi siyasətinin rolu” mövzusunda panel müzakirəsi keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, “PwC Azərbaycan” və “Extreme Hangout” şirkətlərinin təşkilatçılığı ilə və “PwC Azərbaycan” şirkətin vergi direktoru Günel Sadiyevanın moderatorluğu ilə keçirilən paneldə ədalətli və davamlı enerji keçidinin təşviqində vergi siyasətinin əsas rolu müzakirə edilib.
İştirakçılar aşağı karbonlu iqtisadiyyata doğru fəaliyyətlərdə biznes üçün sosial və iqtisadi təsirləri müzakirə ediblər. Müzakirələrdə panel iştirakçıları karbon emissiyalarının birbaşa qiymətlərinin müəyyən edilməsi üçün tətbiq edilən ekoloji vergi alətləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, vergi siyasəti yaşıl təşəbbüsləri dəstəkləmək, həssas icmaları qorumaq və iqtisadi artımı stimullaşdırmaq üçün lazım olan maliyyə və tənzimləyici bazanı təmin etməklə bu prosesdə mühüm rol oynayır. Bu tədbir, xüsusən də Azərbaycan kontekstində ədalətli keçidi asanlaşdırmaq üçün vergi siyasətindən necə səmərəli istifadə oluna biləcəyini araşdıracaq.
Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev bildirib ki, ədalətli keçidin təmin edilməsi üçün bir sıra vacib amillər nəzərə alınmalıdır. Bu qəbildən olan zəruri şərtlər sırasına effektiv dövlət-özəl dialoqunun mövcudluğu, keçid prosesi nəticəsində təsirə məruz qala biləcək maraqlı tərəflərin mövqelərinin nəzərə alınması, aidiyyəti sahədə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və hər bir yurisdiksiyanın yerli xüsusiyyətlərinin təhlilini aid etmək olar. Ədalətli keçidin hədəflərindən birinin məhz karbon emissiyalarının azaldılması olduğunu qeyd edən Fərid İsayev bu xüsusda karbon qiymətqoyma alətlərinin effektiv rolunu vurğulayıb. Qeyd olunub ki, karbon qiymətqoyma alətləri həm emissiyaların azaldılmasını təşviq edən tənzimləmə alətidir, həm də iqlim maliyyəsinin mümkün mənbələrindən biri rolunu oynaya bilər.
Fərid İsayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, cari ilin sentyabr ayında Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib. Həmçinin qeyd olunub ki, Azərbaycanda dövlət - özəl sektor dialoqu üçün bir sıra effektiv platformalar mövcuddur və Dövlət Vergi Xidməti öz fəaliyyəti çərçivəsində bu cür dialoqların aktiv iştirakçısıdır.
Panel müzakirələrdə BMT Qlobal Sazişinin baş direktoru Samir Məmmədov, həmçinin “Bioropean MMC”-nin təsisçisi və direktoru Emin İlyas mövzu ilə bağlı çıxış ediblər.