Yeni salınan intensiv qoz bağlarına görə birdəfəlik əkin subsidiyası veriləcək

2024.11.18 10:22 (UTC+04:00)

Dövlət dəstəyi mexanizmlərinin genişlənməsi ölkədə intensiv qoz bağlarının sahəsinin artmasına müsbət təsir göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək ən azı 5 hektar sahədə salınmış, müasir suvarma sistemi ilə təmin olunmuş, hər hektarda 250 sertifikatlı ting əkilmiş intensiv qoz bağlarına görə birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur.

Qeyd olunan müddətdə salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə 3300 manat əkin subsidiyası ödəniləcək.

Birdəfəlik əkin subsidiyasının verilməsində məqsəd intensiv bağlar salınmasına çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması, intensiv bağların sahəsinin genişləndirilməsidir.