İnsanların işini asanlaşdıracaq yeni startaplar MƏQALƏ

2024.11.18 11:24 (UTC+04:00)

Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib. Bununla da sözügedən sənədi alan KOB subyektlərinin sayı 174-ə çatıb. Qeyd edək ki, kiçik və orta biznes sahibi olan şəxslər bu şəhadətnaməni aldıqları tarixdən 3 il ərzində mənfəət və gəlir vergisindən azad olunurlar. Bu da həmin sahibkarlara azadolma nəticəsində qənaət edəcəkləri məbləği bizneslərinin inkişafına yönəltməyə imkan verir və nəticə etibarilə yeni iş yerləri artmış olur.

Yeni yaradılmış startaplar insanların işini asanlaşdıracaq müxtəlif həllər təqdim edir. Məsələn, insanlara avtomobili mobil tətbiqdə icarəyə vermək imkanı yaradılır, yeni ödəniş həlləri və onlayn ticarət platformaları təqdim olunur.

Maşınınız var, amma istifadə etmirsiniz? İcarəyə verib pul qazana bilərsiniz

Startapçı Novruz Novruzov “Yellow GO” tətbiqini məhz bunun üçün yaratdıqlarını bildirib. Bu platforma vasitəsilə müştərilər sahibkarla üzbəüz görüşməyə ehtiyac olmadan nəqliyyat vasitələrini icarəyə verə biləcəklər. Yenilik bununla bitmir. Tətbiqdəki bütün həllər rəqəmsallaşdırılıb. Elə layihə müəllifi də bu startapı yaratmaqla ölkəmizdə rəqəmsallaşmaya töhfə vermək niyyətində olduqlarını bildirib. Tətbiqin digər bir faydalı üstünlüyü isə icarəyə götürülən nəqliyyat vasitəsinin sahibi ilə onlayn şəkildə müqavilə imzalamaq imkanının olmasıdır. Bundan əlavə, avtomatlaşdırılmış sistem sayəsində etibarnamələri də onlayn qaydada əldəetmə funksiyaları hazırlanıb.

N.Novruzovun sözlərinə görə, gələcəkdə yerüstü nəqliyyat vasitələri ilə yanaşı, yaxtaları, hətta helikopterləri də icarəyə veriləcək nəqliyyat vasitələri sırasında görə biləcəyik. Yaxın zamanda tətbiqə “GPS tracking” sistemi əlavə olunacaq ki, bu da icarəyə verilən maşınları izləməyə imkan yaradacaq. Startapçı xüsusilə vurğulayıb ki, “Startap” şəhadətnaməsi həm dövlət qurumları, həm də özəl şirkətlərlə müzakirələrdə onların çox köməyinə gəlir və bu, layihəni daha güvənli edir.

Avtoparklar bir tətbiqdən idarə ediləcək

Yenicə “Startap” şəhadətnaməsi almış layihələrdən biri - “Avtomend” məhz bu işi görəcək. Layihə müəllifi Nüsrət Məmmədov bildirib ki, ərsəyə gətirdikləri proqram təminatı ilə yükdaşıma, karqo, hətta istənilən digər nəqliyyat xidmətləri bu proqram üzərindən, yəni vahid mərkəzdən idarə olunacaq. Bu platformanın başa gətirilməsi üçün nə az, nə çox - 2 ilə yaxın vaxt sərf edilib. Perspektivdə tətbiqə avtomatik yol vərəqələrinin verilməsi, yanacaq hesabatının hazırlanması, avtomatik yanacaqdoldurma prosesinin həyata keçirilməsi kimi faydalı funksiyalar əlavə olunacaq. Növbəti versiyalarda süni intellekt analitik hesablamaları əlçatan edəcək.

O ki qaldı 3 il gəlir və mənfəət vergisindən azadolmanın sahibkara necə təsir göstərəcəyinə, N.Məmmədov qeyd edib ki, qənaət edəcəkləri vəsaiti ofisin icarə haqqına və ixtisaslı əməkdaşların işə qəbulu kimi məsələlərə yönəldəcəklər.

Binaların kommunal ödənişlərini onlayn aparmaq mümkün olacaq

Startapçı Cavid Musayevin yaratdığı “BillKill” platforması, əsasən, sahibkarlar üçün ərsəyə gətirilmiş innovativ və rəqəmsal ödəniş platformasıdır. Layihə müəllifinin sözlərinə görə, platforma borcun hesablanması proseslərini asanlaşdırmaq üçün yaradılıb, onun vasitəsilə veb-saytdan bankların və ödəniş təşkilatlarının tətbiqlərindən nağdsız, əlavə xərcsiz ödənişləri rahat və tez bir şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, platforma sayəsində sakinlər evdən, iş yerindən və ya hər hansı xarici ölkədən binalarda yaşam üçün nəzərdə tutulan xidmət haqlarını rahat şəkildə ödəyə biləcəklər. Şəxsi kabinetində ödəniş tarixçəsi, çeklər, borclar və hər bir ödənişin ayrı-ayrılıqda detallı məlumatlarını izləmək də istifadəçilərə təqdim olunan faydalı funksiyalardandır.

Mətbəəyə getmədən çap məhsulları almaq bir telefon qədər yaxınlığımızda...

Azərbaycanda poliqrafiya və çap sektorunda olan boşluqları doldurmaq üçün yaradılmış “Printfable” platforması da “Startap” şəhadətnaməsi alıb. Layihənin müəllifi Asim Səfərli vurğulayıb ki, platformada istifadəçilər, dizaynerlər, həm də çap şirkətləri bir araya gələcək. Əgər hər hansı şirkətə həyata keçirəcəyi istənilən bir layihənin keçirilməsi üçün çap olunmuş maykalar, fincanlar lazım olarsa, bunun üçün artıq harasa getməyə, əlavə xərcə və vaxt itkisinə yol verməyə ehtiyac qalmır. Məhsulun arzuolunan qiyməti, dizayn elementlərini platformaya yerləşdirmək müvafiq şirkətlərdən təkliflər almaq üçün kifayət edir. Dizayn ideyası olmayanlar da diqqətdən kənarda qalmayıblar. Tətbiqə süni intellektin əlavə olunması planlaşdırılır ki, bu da istifadəçilərə təkliflər təqdim edəcək. A.Səfərli 2025-ci ilin sonuna kimi layihəni qlobal arenaya çıxarmaq niyyətində olduqlarını bildirir. Qeyd edilən azadolmalar isə bu hədəfi daha yaxın edir.

Halal məhsullar alıcılara bir tətbiqdə təqdim olunacaq

Halal və İslam qaydalarına uyğun məhsulların toplandığı “Jumma” tətbiqi də “Startap” şəhadətnaməsi əldə etmiş layihələrdəndir. Burada qidadan tutmuş qeyri-qida məhsullarına kimi, müxtəlif çeşiddə məhsullar tapmaq olar. Sırf halal məhsullara üz tutan vətəndaşların işini asanlaşdırmaq üçün yaradılmış platformanın digər üstünlüyü isə cümə namazı ilə bağlı istifadəçilərə bildirişin göndərilməsidir. Tətbiqdə günün namaz vaxtları da əks olunub. İstifadəçilər məlumat təklif edərək, halal məhsulların platformaya əlavə edilməsinə dəstək ola bilərlər. Mənfəət vergisindən azadolmanın üstünlüyünə gəlincə, startapçı sahibkar Murad İsayev bildirir ki, qənaət olunacaq məbləğ layihənin böyüdülməsinə xərclənəcək, texniki təkmilləşdirmə aparılacaq, sayt və tətbiq daxilində müştərilərin bəyənəcəyi kampaniyalar keçiriləcək.

...Qeyd edək ki, Azərbaycanda “Startap” şəhadətnamələrinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd mikro və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərə və fərdi sahibkarlara təqdim edilir. Müraciətçi mikro və ya kiçik sahibkarlıq subyekti olmadıqda, orta və ya iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olduğu müəyyən edildikdə və ya rezident vergi ödəyicisi olmadığı halda, KOBİA sözügedən sənədin verilməsindən imtina edə bilər.

Faiq KƏRİMOĞLU