Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri, təklif edilən xidmətlər və istifadəçilər üçün faydası

2024.11.14 15:11 (UTC+04:00)

Məlum olduğu kimi, Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanına əsasən rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsi, görülən işlərin səmərəliliyinin artırılması, habelə vahid informasiya sistemi üzərindən xidmətlər göstərilməsini təmin etmək məqsədilə yaradılıb. ERİS vasitəsilə ölkə ərazisində yaşayan bütün vətəndaşlar, hüquqi və fiziki şəxslər, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün rəqabət, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi sahələrində bir sıra elektron xidmətlər təklif olunur ki, bu xidmətlərin göstərilməsi müvafiq sahələrdə effektivliyin artırılması, istifadəçi məmnunluğuna nail olunması, şəffaflıq və operativliyin təmin edilməsinə hədəflənib.

“Elektron Rəqabət İnformasiya Sistemi rəqabət və istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar elektron xidmətlərin vahid sistem üzərindən təqdim edilməsini təmin edəcək”.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərini əhatə edən xidmətlər, xüsusilə rəqabət və istehlakçı hüquqlarının qorunması üzrə müraciətlərin ERİS üzərindən qəbulu nəzərdə tutulur. Sistemdə həmçinin müraciətlərin emalı, onlara əlavə edilməli olan sənəd və ya məlumatların real vaxt rejimində digər dövlət qurumlarından sorğu əsasında əldə olunması, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsi planlaşdırılır. Bir sözlə, ERİS rəqabət və istehlakçı hüquqları sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi ilə bağlı proseslərin rəqəmsallaşdırılmasını təmin etməklə qeyd olunan sahələrdə məlumatların əlçatanlığına əhəmiyyətli töhfə verəcək.

Bu xüsusda Elektron Rəqabət Portalı (https://e-reqabet.gov.az/home) vasitəsilə müraciətlərin qəbulu və cari statusunun izlənilməsi mümkün olacaq. Həmçinin Portal üzərindən təbii inhisar subyektləri, təmərküzləşmə əməliyyatları və antidempinq üzrə müraciətlərin qəbulu həyata keçiriləcəkdir.

“Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hərəkətlərə dair təbii inhisar subyektləri tərəfindən rəqabət orqanından razılıq alınması üçün müraciətin edilməsi və müraciətə baxılması prosesinin elektronlaşdırılması nəzərdə tutulub”.

Məlum olduğu kimi, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təbii inhisar subyektlərinin razılıq almalı olduğu hərəkətlər müəyyən edilib. Bu hərəkətlərə müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktların və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu, əsas vəsaitlər üzrə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi, mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi, təbii inhisar fəaliyyət sahələrinə aid edilməyən sahələrə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması və digər hərəkətlər aiddir.

Məcəlləyə əsasən, təbii inhisar subyektləri həmin hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Bu məqsədlə Elektron Rəqabət Portalında “Təbii inhisar subyektlərinin hərəkətlərinə dair müraciət” elektron modulu yaradılıb. Sözügedən modul təbii inhisar subyektləri tərəfindən razılıq alınmalı hərəkətlər üzrə müraciətlər zamanı tələb olunan sənəd və məlumatların təqdim edilməsi prosesini sadələşdirməklə vaxta və resurslara qənaət edilməsinə zəmin yaradacaq. Bundan əlavə, razılıq hərəkətləri üzrə bütün proseslərin elektron qaydada həyata keçirilməsi şəffaflığın və səmərəliliyin artırılmasını təmin edəcəkdir.

“ERİS bazar iştirakçılarının rəqabətə dair statistik məlumatlara daha asan çıxışını təmin etməklə rəqabət mühiti haqqında məlumatların maneəsiz əldə olunması və təhlil edilməsinə imkan yaradacaq”.

Elektron Rəqabət Portalında həmçinin iqtisadi təmərküzləşmələr üzrə müraciətlərin edilməsi və qiymətləndirilməsinə dair nəticələrin elektron formada təmin olunması da nəzərdə tutulub. Bu məqsədlə Portala “Birləşmə və səhmlərin alqı-satqısına dair müraciət” elektron modulu daxil edilib. Sözügedən modul iqtisadi təmərküzləşmələr ilə əlaqədar müraciətlərin elektron qaydada Dövlət Xidmətinə təqdim edilməsi, həmçinin müvafiq təsərrüfat subyektləri haqqında dövlət qurumlarında mövcud olan sənəd və məlumatların daha çevik əldə olunması imkanını genişləndirəcək, beləliklə, rəqabət təhlillərinin effektiv qaydada aparılmasına şərait yaradacaq. Belə ki, rəqabət təhlilləri bazara giriş maneələri, hökmran mövqedən sui-istifadə halları, təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və qarşısının alınması istiqamətində tədbirlərin görülməsində vacib addımdır. Bu baxımdan iqtisadiyyatın müxtəlif sahələrində baş tutan təmərküzləşmələrin rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra biləcək nəticələrə gətirib-gətirməyəcəyinin müəyyənləşdirilməsi mühüm rola malikdir.

Təmərküzləşmələr zamanı sənəd mübadiləsinin elektron formada həyata keçirilməsi istifadəçilər üçün xidmət proseslərini asanlaşdıracaq, təsərrüfat subyektləri ilə dövlət qurumları arasında baş tutan kargüzarlıq əməliyyatlarının sayını azaldacaq, dövlət qurumları arasında sürətli məlumat mübadiləsini təmin edəcək və müvafiq işlərin icrası zamanı effektivliyi artıracaqdır.

“ERİS vasitəsilə biznesin bazarda rəqabət üstünlüyünü təmin edən və səmərəliliyi artıran istehlakçı məmnunluğunun əldə olunmasına nail olunacaq”.

İstehlakçı hüquqları istiqamətində daxil olmuş müraciətlərin daha çevik şəkildə araşdırılması məqsədilə Elektron Rəqabət Portalına daxil edilən “İstehlakçı hüquqlarının qorunması” modulu özündə bir sıra vacib funksional həlləri ehtiva edir. Sözügedən modulun istifadəyə verilməsi istehlakçı hüquqlarının pozulması hallarının preventiv şəkildə qarşısının alınması, şikayətlərin operativ qeydiyyatı və həllinə yönəlmiş tədbirlərin icrasını ehtiva edir. Bu baxımdan istehlakçıların aldadılması, onların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, qüsurlu malların qaytarılması və dəyişdirilməsi və digər hallarla bağlı vətəndaş müraciətlərinin araşdırılması zamanı yetərli əsaslar olduqda qanunamüvafiq tədbirlərin görülməsi və obyektiv qərarların verilməsi prosesləri asanlaşacaq.

Nəticə etibarilə, Elektron Rəqabət Portalında yaradılan həllər istehlakçı müraciətlərinin emalını optimallaşdıracaq, o cümlədən pozuntu hallarının çevik şəkildə qarşısının alınmasına və istehlakçı inamının artırılmasına şərait yaradacaq.