Prezident İlham Əliyev bir sıra görüşlər keçirib YENİLƏNİB - 4

2024.11.11 18:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

Dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.

Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.

Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi.

Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurlu olacağına əminliyini bildirdi.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.

Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndələri də orada iştirak ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.

Dövlətimizin başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünü məmnunluqla xatırlayaraq, həmin görüş zamanı bir sıra önəmli məsələlərin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.

İlk növbədə, COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Qonaq dedi ki, Misirə səfəri zamanı dövlətimizin başçısı ilə görüşündən böyük şərəf hissi duyub.

Böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib işğal edilmiş torpaqlarımızın geri qaytarılması münasibətilə təbriklərini çatdıraraq dedi: “Siz həqiqətən Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına uyğundur”.

Əl-Əzhəri Şərifin şeyxi region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd etdi. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ölkəmizin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla qeyd etdi.

Xoş sözlərə və Qarabağın işğaldan azad edilməsi ilə bağlı təbrikinə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 il işğala məruz qalmağımıza baxmayaraq, ölkəmizin sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdiyini dedi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən dövlətimizin başçısı Azərbaycanın İslam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğuladı və İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkəmizdə rahat yaşadıqlarını dedi.

Dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirdi.

Əl-Əzhəri Şərifin şeyxi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

İqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxundu. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını dedi. Əbdüllətif Camal Rəşid ölkəsinin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi.

Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.

Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.

O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

Gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı.

Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlandı.

ATƏT-in Minsk qrupunun artıq tarixin bir tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu bildirdi.

Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

Söhbət zamanı ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.

Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi.

Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğuladı.

Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini dedi.

Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Azərbaycanın yaşıl enerji imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirdi.

Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu dedi.

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq, Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səylər göstərdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirdi.

Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu bildirildi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğuladı.

İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulandı, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edildi.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.

İrakli Kobaxidze də öz növbəsində dövlətimizin başçısını Gürcüstana səfərə dəvət etdi.

Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək dəvətləri məmnunluqla qəbul etdilər.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.

Prezident İlham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.

Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksəksəviyyəli qarşılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.

Dövlətimizin başçısı Serbiyada dəmiryol vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.

Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi.

Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirildi.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu.

Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.

Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.

Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.

Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.

AZƏRTAC