Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Fərman imzalayıb.
Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədilə qərara alınıb ki, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılsın.
Fərmanla “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı” təsdiq edilib.
Fərmana əsasən, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir.
Dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.