İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilən malların özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçən 1 sifarişçi hərracın qalibi olub.
Xatırladaq ki, “Hərracların Təşkili Mərkəzi” və “Azərterminalkompleks” Birliyi arasında dövlət mülkiyyətinə keçirilən malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışının təşkili üçün müqavilə bağlanıb.