Nüvə enerjisi uzunmüddətli enerji strategiyasında elementlərdən birinə çevrilə bilər

2024.11.06 15:55 (UTC+04:00)

Kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi Azərbaycanın uzunmüddətli enerji strategiyasında enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov İtaliyanın Roma şəhərində keçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa hazırdır.

Nazir Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində Agentlik ilə əməkdaşlığın inkişafına və enerji sektoruna mühüm töhfə verəcəyini bildirilib.

O da qeyd edilib ki, Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək.