Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir

2024.11.05 15:17 (UTC+04:00)

Bu ilin sentyabr ayının 1-dən 2025-ci ilin mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunan çay plantasiyalarına görə fermerə hər hektar üçün 12 min manat əkin subsidiyası ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd edilən məbləğ yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir.

Bununla yanaşı, 2019-cu ildən bu ilin sentyabrına kimi salınan çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Son üç il ərzində salınan plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək. 2019-cu ildən əvvəl salınan çay plantasiyalarının hər hektarına görə isə 250 manat subsidiya verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır.