Gürcüstan rəqəmsal pul investisiyalarından tutulan vergiləri ləğv edib

2019.07.25 19:09 (UTC+04:00)

Bitcoin.com internet saytında yayılmış xəbərə görə, Gürcüstan Maliyyə Nazirliyi tərəfindən qüvvəyə minmiş yeni qanun dəyişikliyinə əsasən, rəqəmsal pul sərmayəsi qoyan fərdlər gəlir vergisindən də azad ediləcək. Bununla birlikdə, nazirlik ölkənin milli valyutasının lari olaraq qalacağını və rəqəmsal pulların eynilə başqa xarici valyutalar kimi Gürcüstanda ödəmə vasitəsi kimi istifadə edilməyəcəyini bildirib.

Gürcüstan rəhbərliyi kriptovalyuta mədənçilik şirkətlərinə ƏDV ödəməkdən azad olmaları üçün xaricdə qeydiyyata alınmaq şərtini qoyub. Bu halda ölkədəki kriptovalyuta mədənçilərinin vergi ödəməmək üçün şirkətlərinin baş ofislərini xaricə köçürmələri gözlənilir. Ancaq Gürcüstanda elektrik enerjisinin qiyməti ucuz olduğuna görə, mədənçilərin istehsal müəssisələrini ölkə sərhədləri daxilində saxlayaraq fəaliyyətlərinə davam edəcəkləri təxmin olunmaqdadır.

Qanunvericilikdəki dəyişikliklə bağlı sərmayəçilər narahat deyil ki? Mövzu ilə bağlı mövqe bildirən yerli rəqəmsal valyuta birjasının rəhbəri Faruk Fatih Özer deyib ki, dövlətlərin rəqəmsal valyuta sahəsində qanunvericilikdə dəyişiklik etməsi bazar iştirakçılarını qorxutmamalıdır. Özər dəyişkiliklərin kriptovalyutaların beynəlxalq miqyasda nəzərə alınmasının işarəti olduğunu deyib: "Gürcüstanın mövqeyi kriptovalyutaların dövlətlər üçün artıq inkar edilməyəcək bir gerçəklik olduğunu göstərir. Hətta Gürcüstanın daha bir addım da ataraq ƏDV-ni ləğv etməsi ilə rəqəmsal valyuta sərmayəçilərini təşviq etdiyini deyə bilərik. Elə bu məqamda Avropa İttifaqı məhkəməsinin təxminən üç il yarım bundan əvvəl present xarakterli qərarını xatırlamaq lazım gəlir. 2015-ci ilin oktyabr ayında qəbul edilmiş qərar kriptovalyuta alğı-satqısını eynilə adi valyuta əməliyyatlarında olduğu kimi ƏDV-dən azad etmişdi".

Aİ ölkələrində bu sahədə fərqli qaydalar tətbiq edilir. Məsələn, Almaniyada rəqəmsal valyuta alğı-satqısı sərmayə çərçivəsində qiymətləndirilir. Ancaq "sərmayə qazancı vergisi" investor rəqəmsal valyutanı bir ildən az əldə saxlayanda tutulur.

İngiltərədə rəqəmsal valyuta digər xarici valyutalarla eyni kateqoriyaya aid edilir, İsveçrədə isə vətəndaşlar kriptovalyuta sərmayələri üçün gəlir və mənfəət vergisi ödəməlidirlər.

Estoniyada rəqəmsal valyuta sərmayələrindən əldə edilən mənfəətə sərmayə qazancı vergisi qoyulur. Sloveniyada isə fərdi qaydada kriptovalyuta alğı-satqısı edərkən mənfəət əldə edənlər vergiyə cəlb olunmur.