Noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, “Qlobal yaşıl iqtisadiyyat: iqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.
Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.