Balaxanı Sənaye Parkında istehsal olunan məhsullar ABŞ-a ixrac edilir

2019.07.25 18:16 (UTC+04:00)

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Etibar Abbasov Balaxanı Sənaye Parkında təkrar emal sahəsində görülən işlər, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirib ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" Sərəncamı ilə yaradılıb. Park 8,3 hektarlıq ərazidə yerləşir.

Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulka və materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı və sair sahələri üzrə 8 rezident fəaliyyət göstərir. Daha 9 rezident 11 istehsalat sahəsi üzrə yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Ümumilikdə isə Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 milyon manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan "Foriella" MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabrından fəaliyyət göstərir. Rezident tərəfindən sənaye parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manatadək investisiya yatırılıb. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İstehsalın Almaniya, Türkiyə və İtaliya texnologiyaları əsasında təşkil edildiyi müəssisədə 170-ə yaxın daimi iş təmin olunub.

Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb.