Murad Sadıqov: “Masdar Azerbaijan” təmiz enerjiyə qlobal keçidi dəstəkləmək üçün fəal işlər aparır” MÜSAHİBƏ

2024.10.31 12:18 (UTC+04:00)

- Murad müəllim, məlumdur ki, bu gün dünya dövlətlərinin böyük maraq göstərdiyi yaşıl hidrogenin istehsalı prosesi olduqca mürəkkəbdir və böyük vəsait tələb edir. Bildiyiniz kimi, Azərbaycanda da dövlət tərəfindən bu sahəyə ciddi diqqət göstərilir. Bütün bunları nəzərə alaraq, “Masdar Azerbaijan” MMC-nin bu istiqamətdə fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə, Azərbaycanda yaşıl hidrogen istehsalının perspektivlərini necə dəyərləndirirsiniz?

- Yaşıl hidrogenin istehsal dəyərinin yüksək olması və hazırda dünyada əsasən ənənəvi yanacaqlardan istifadə edilməsi bu sektorun inkişafına müəyyən problemlər yaradır. Qeyd edim ki, davamlı yaşıl hidrogen enerjisinə keçid bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal dekarbonizasiya səylərinin mühüm elementidir. Bu səbəbdən də, təsadüfi deyil ki, BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanın yaşıl enerji layihələrində əsas yer tutur.

Bu sahədə investisiyaları sürətləndirmək, sektoru inkişaf etdirmək, ölkə iqtisadiyyatının şaxələndirilməsini və təmiz enerjiyə qlobal keçidi dəstəkləmək üçün “Masdar Azerbaijan” MMC fəal işlər aparır. Şirkətin işləyib hazırladığı strateji layihələrə sərmayə yatırılır və əsas bazarlarda çevik platformalar quraraq "ağıllı erkən keçid" yanaşması həyata keçirilir.

Şirkətin işləyib hazırladığı strateji layihələrə sərmayə
yatırılır və əsas bazarlarda çevik platformalar quraraq
"ağıllı erkən keçid" yanaşması həyata keçirilir

“Yaşıl aviasiya yanacağı” (SAF - Sustainable Aviation Fuel) adi yanacaqla müqayisədə aviasiya sektorunda karbon qazı emissiyalarını 70 faizədək azaltmaq potensialına malikdir. “Masdar” SAF sektorunun inkişafını və böyüməsini təmin etmək üçün bu sahə üzrə bir çox strateji tərəfdaşlıqlar qurub. Biz “TotalEnergies”, “Siemens Energy” və digər şirkətlərlə yaşıl hidrogen və metanoldan SAF istehsalını sertifikatlaşdırmaq üçün əməkdaşlıq edirik. 2023-cü ilin oktyabrında “Masdar” və “Boeing” BƏƏ və onun hüdudlarından kənarda SAF-ın perspektivləri ilə bağlı Anlaşma Memorandumu imzalayıblar. Həmin ilin dekabrında isə Dubayda uğurlu sınaq uçuşu ilə SAF-ın potensialı nümayiş etdirilib.

Qeyd edim ki, 2025-ci ildən Avropa Birliyinin Karbon sərhədinin tənzimlənməsi mexanizmi (CBAM) çərçivəsində müvafiq verginin tətbiqi planlaşdırılır. Bu səbəbdən də aviaşirkətlər daha çox yaşıl aviasiya yanacağından istifadə etməyə maraq göstərirlər.

Biz SOCAR-la birgə və beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda yaşıl hidrogenin istehsalı və istifadəsi istiqamətində müvafiq işlər aparırıq. Artıq bununla bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır. Əgər araşdırmalar göstərsə ki, bu növ yanacağın Azərbaycanda istehsalı sərfəlidir və dövlət tərəfindən müvafiq qərar qəbul edilərsə, layihənin icrasına start verilə bilər.

- “Masdar Azerbaijan” tərəfindən bir sıra enerji layihələri həyata keçirilir. Həmin layihələrin icra vəziyyəti barədə nə deyə bilərsiniz?

- MEGA layihəsi çərçivəsində bu il üç layihənin təməlqoyma mərasimi keçirilib. Həmin layihələr çərçivəsində Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası, Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası tikiləcək. Deyə bilərəm ki, bu istiqamətdə hazırlıq işləri yüksək templə davam etdirilir və artıq ilkin layihə-axtarış tədbirləri başa çatdırılıb.

Biz SOCAR-la birgə və beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda
yaşıl hidrogenin istehsalı və istifadəsi istiqamətində müvafiq işlər aparırıq

- Bildiyimiz kimi, “Masdar Azerbaijan” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında “Tullantıdan enerji” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Hazırda bu layihə çərçivəsində hansı işlər görülür?

- Qeyd etdiyiniz layihə texniki-iqtisadi əsaslandırma mərhələsindədir. Araşdırmalar AİŞ və “Təmiz Şəhər” tərəfindən aparılır. Eyni zamanda, dənizdə külək enerjisi layihəsinin hazırlanması üzrə Energetika Nazirliyi ilə danışıqlar gedir. İnanıram ki, bu layihənin icrası Xəzərdə böyük bir presedent yaradacaq.

- “Masdar Azerbaijan” MMC Laçın və Kəlbəcər rayonları ərazisində külək elektrik stansiyalarının tikintisi layihəsi çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyi planlaşdırırmı?

- Əlbəttə. Bu rayonların çox böyük külək enerjisi potensialı var və biz bu istiqamətdə də əməkdaşlığımızı genişləndirmək üçün Azərbaycanın Energetika Nazirliyi ilə müvafiq müzakirələr aparırıq.

Hüseyn VƏLİYEV