Bu gün Çində hansı növ vergilər yığılır?
Vergi qanunvericiliyinə əsasən, müxtəlif əmlak formalarına mənsub müəssisələr və fiziki şəxslər 17 növ vergi ödəməlidirlər. Verginin dərəcəsi şirkətin fəaliyyətinin növündən asılıdır. Bununla yanaşı, hər hansı biznes sahibinin ödədiyi sabit yığımlar da mövcuddur. Məcburi vergilər bunlardır: gəlir vergisi, gerb yığımı, əlavə dəyər vergisi və dövlət yığımı deyilən vergi (buraya infrastrukturun, təhsilin, tikintinin və s. inkişaf etdirilməsi üçün yığımlar daxildir). Bunlardan əlavə, istehsalın növündən asılı olaraq digər rüsumlar da var: məsələn, tütün yarpağı, daşınmaz əmlak vergiləri, nəqliyyat rüsumları kimi...
Çinlilər üçün vergi islahatları təzə hadisə deyil. Bu yaxınlarda ikinci uşağın dünyaya gəlməsi üçün tətbiq edilən vergi ləğv olunmuşdu. Üçüncü uşağı dünyaya gətirmək istəyən valideynlər isə dövlətə 3.500 ABŞ dolları həcmində vergi ödəməlidir. Çinin bəzi regionlarında daha sərt vergilər və cərimələr tətbiq edilir. Məsələn, nikahdankənar və ya evli kişidən doğulan uşaq üçün hər iki tərəf (həm qadın, həm də kişi) dövlətin büdcəsinə 26 min yuana (3.770 dollar) yaxın vəsait ödəməlidir. Qeyd edək ki, bu qanun xarici vətəndaşlara da şamil edilir.
Vergi islahatı Çində nələri dəyişəcək?
Yeni qanunlara əsasən, orta biznesin yükü artırılıb. Hakimiyyət iqtisadiyyatın əsas payını kiçik və orta müəssisələrdə görür ki, bu gün belə müəssisələrin sayı kifayət qədərdir. Vergi ödənişi isə 3.500 yuandan (507 dollar) yuxarı gəlirlərə tətbiq olunur. Yeni maliyyə ilindən minimum vergi tətbiq edilən hədd 5.000 yuan (725 dollar) olacaq. Qanun yerli sakinlər ilə əcnəbilərə eyni tətbiq edilir və bu, yalnız vergi tutulan məbləğin minimum həddinə aid deyil. Biznesmen il ərzində 183 gündən artıq müddətdə bu ölkədə yaşayırsa, vergi rezidenti olmaq hüququ qazanır. Yığımların dərəcələri vətəndaşlar və əcnəbilər üçün eynidir, ona görə də əcnəbilər də vergi çıxılmalarına iddia edə bilərlər. Rüsumlardan çıxılmalar isə vergi ödəyicisinin təhsil aldığı, ipoteka krediti götürdüyü, pullu müalicəyə ehtiyacı olduğu zaman mümkündür. Bu kompensasiya üçün bəyannamə doldurulduğu zaman ərizə ilə müraciət etmək olur. Vergi orqanı rüsumları ödəməyin müddət çərçivələrini müəyyənləşdirmişdir. Şirkət fəaliyyətin 5, 10, 15 günü, ay və rüb üçün vergi ödəyə bilər. Əgər hər hansı iş birdəfəyə həyata keçirilirsə (məsələn, tikinti və təmir xidmətləri), onda vergi iş qurtaran kimi ödənilə bilər.
İslahat Çinə nə kimi dəyişikliklər gətirəcək?
Çində vergilərin ödənilməsini izləmək daha ciddi olacaq. Hətta əmlakın satışı barədə alğı-satqı müqaviləsi imzalanarkən tərəflərin vergi ödəmələri ilə bağlı borcunun olmaması barədə fiskal xidmətdən arayış təqdim edilməlidir. Büdcənin doldurulması üçün isə bütün dövlət xidmətləri vergi orqanları ilə əməkdaşlıq etməlidir.