Türkiyə kapitallı “Birlik Deri” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, rezidentlərin sayı 28-ə çatıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, şirkət tərəfindən Sənaye Parkının ərazisində dəri və dəri məmulatlarının istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq.
İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb.