Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri MƏQALƏ

2024.10.21 11:42 (UTC+04:00)

Sahibkarlıq mühitinin dayanıqlı inkişafında innovativ biznes strategiyalarının mühüm rolu var. Bu baxımdan startaplar müasir çağırışlar şəraitində səmərəli fəaliyyəti təşviq edən biznes modelləridir. Onlar innovasiyaların inkişafının əsas hərəkətverici qüvvələrindən olmaqla rəqəmsal transformasiyanı sürətləndirirlər. Müasir texnologiyalar əsasında formalaşan startaplar rəqabətli fəaliyyət sahələrinin yaradılmasını təmin edirlər. Bu biznes subyektləri cəmiyyət üçün rahat və asan həllər yaratmaqla yanaşı, yeni iş yerlərinin artmasına da töhfə verirlər. Güclü startap ekosisteminin inkişafı dayanıqlı iqtisadi inkişafa da təkan verir. Onların fəaliyyəti iqtisadi aktivliyin davamlı olmasını təmin edir.

Bu baxımdan startaplar müasir çağırışlar şəraitində
səmərəli fəaliyyəti təşviq edən biznes modelləridir

Ölkəmizdə startaplara fəal dəstək var

Azərbaycanda startaplar son illərdə yaranıb və biznes mühitində aktiv təşviq edilən fəaliyyətə çevrilib. Hazırda bir çox sahələrdə uğurla təmsil edilən startaplar mövcuddur. Bu sahələrə xidmət, təhsil, səhiyyə, nəqliyyat, turizm, kənd təsərrüfatı, maliyyə və s. daxildir. İnnovativ ideyalar əsasında qurulan bu ekosistem biznes resurslardan səmərəli istifadəyə imkan verən layihələri əhatə edir.

Startap ekosisteminin inkişafı ölkəmizdə aktiv şəkildə dəstəklənir. Startapçılar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi əldə edirlər. Sənəd startapa yerli və xarici investorların marağını artırmaqla yanaşı, onun xarici bazarlara çıxışını asanlaşdırır. 1 yanvar 2019-cu il tarixindən Vergi Məcəlləsinə əsasən isə mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti "Startap" şəhadətnaməsi aldıqları tarixdən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Bu, biznes sahibinin xərclərinin azalmasına və gəlirlərinin öz sərəncamında qalmasına imkan verir. Güzəşt startapların fəaliyyətinin genişlənməsi üçün əlavə imkanlar yaratmaqla yanaşı, yeni biznes modellərinin də bu ekosistemə cəlb edilməsinə stimul verir. Startap ekosisteminin inkişafı üçün həyata keçirilən tədbirlər biznesin bu imkanlardan səmərəli şəkildə bəhrələnməsini təmin edir.

Azərbaycanda startaplar son illərdə yaranıb və
biznes mühitində aktiv təşviq edilən fəaliyyətə çevrilib

Rəqəmsal sferanın inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması, investisiyaların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması məqsədilə İKT sektorunun inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Bütün bu tədbirlər dövlət-özəl tərəfdaşlığının da genişlənməsinə şərait yaradır.

Mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin innovasiya
fəaliyyətindən əldə etdikləri mənfəəti "Startap" şəhadətnaməsi aldıqları
tarixdən 3 il müddətinə mənfəət vergisindən azad edilib

İnnovasiyaların inkişafını hədəfləyən strateji yanaşmalar

Dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi ölkəmizin yeni inkişaf magistralının əsas istiqamətini təşkil edir. Bu xüsusda uğurlu təcrübələr əsasında biznes startapları və inkubatorlarına, ixracyönümlü layihələrə təkmil mexanizmlərlə stimulların verilməsi prioritetdir. Bu baxımdan dayanıqlı biznes modelləri vergi islahatları ilə də fəal dəstəklənir. Vergi siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verir. Stimullaşdırıcı vergi siyasəti investisiya qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərinin effektiv tətbiqi ilə səciyyələnir. Əlverişli vergi mühitinin yaranması biznes subyektlərinə əlavə gəlir və imkanlar yaradır. Bütün bunlar da öz növbəsində iqtisadi artımı sürətləndirir. İqtisadi artım isə vətəndaşların rifahını yüksəldən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaq ölkədə milli gəlirin çoxalmasını təmin edir. Bu isə həyat səviyyəsinin ilbəil yaxşılaşması və sosial təminat vəd edir.

Gülay NƏBİYEVA