Dövlət Neft Fondunun aktivləri 62 milyard dollara yaxınlaşır

2024.10.18 17:51 (UTC+04:00)

Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 10 faiz artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib.

Fondun məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 15 004,0 milyon manat, büdcə xərcləri isə 9 634,5 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 424,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 579,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 585,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-sentyabr aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 197,6 milyon manat təşkil edib.

Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnflyasiyanın sabitləşməsi və iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid ediblər. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olub. Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalları investorların davranışına müsbət təsir göstərib ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnmiş və əsas səhm indekslərində artımlar müşahidə olunub. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olub.