"Elektromobillik üzrə Milli Plan"ın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur

2024.10.18 14:36 (UTC+04:00)

“Enerji keçidinin əsas sütunlarından olan enerji səmərəliliyi ilə bağlı ötən dövr mühüm irəliləyişlərlə yadda qaldı. Bu sahədə yeni qanun və 14 alt qanunvericilik aktının qəbulundan sonra bu ilin martında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılmasında xüsusi rola malik "Enerji Effektivliyi Fondu" yaradıldı. Fond tərəfindən qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Hazırda fond tərəfindən dəstəklənəcək layihələrə dair tələblər müəyyənləşdirilir. Həmçinin bu müddətdə dövlət və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi, enerji auditinin keçirilməsi, enerjinin istehsalı və təchizatı sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlər görülmüşdür. Özəl və ictimai binalar üçün milli renovasiya proqramının, enerji səmərəliliyinə dair bir sıra yeni qanunvericilik və normativ texniki aktların hazırlanması ilə bağlı proseslər isə davam etdirilir. Bundan başqa, AYİB-in dəstəyi ilə həyata keçirilən "Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları" texniki yardım layihəsi çərçivəsində hazırlanan "Ssenari Xülasə Sənədi"nin COP29 tədbirinə qədər təqdim edilməsi nəzərdə tutulur”.

Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan energetikasında “yaşıl era” adlı məqaləsində bildirilir.

Nazir əlavə edib ki, elanı COP-a planlaşdırılan digər bir sənəd "Elektromobillik üzrə Milli Plan"dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir: “İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən, Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır”.