Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu ilə birgə "Enerjidə Süni İntellekt Həlləri" adlı vörkşop təşkil edib. Sessiyada DİF-in Enerji və Materiallar Mərkəzinin ekspertləri, eləcə də enerji və süni intellekt sahəsində yerli mütəxəssislər iştirak ediblər.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov süni intellektin enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması istiqamətindəki potensialını qeyd edib və ölkəmizin enerji keçidi ilə bağlı atdığı addımlar barədə məlumat verib.
4SİM-in Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihənin əsas məqsədi, Azərbaycanda enerji sahəsində mövcud çağırışları müəyyənləşdirərək, süni intellekt həllərinin tətbiqi ilə enerji istehlakının optimallaşdırılmasıdır. Bu istiqamətdə Kanadanın "BrainBox AI" şirkəti ilə keçirilən görüşlər zamanı Azərbaycanda kommersiya binalarında enerji sərfiyyatının səmərəliliyinin artırılması üçün layihə hazırlanması nəzərdə tutulub.