Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə ödənilən vəsait artıb

2024.10.18 12:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2.571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21 faiz artıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artım qeydə alınıb.