Dünya Bankı 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

2024.10.17 16:27 (UTC+04:00)

Dünya Bankı 2024-cü ildə Azərbaycan üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq iyun göstəriciləri ilə müqayisədə 0,9 faiz bəndi artırmaqla 3,2 faizə çatdırıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatına əsasən, 2025-ci il üçün proqnoz göstəriciləri 0,3 faiz bəndi artırılaraq 2,7 faizə çatdırılıb, 2026-cı il üçün proqnoz isə 2,4 faiz səviyyəsində dəyişməz olaraq saxlanılıb.

Bankın hesablamalarına görə, Cənubi Qafqaz iqtisadiyyatı bu il 4,6 faiz artacaq ki, bu da əvvəlki proqnozlarla müqayisədə 1,1 faiz bəndi yüksək olmaqla Avropa və Mərkəzi Asiya subregionları arasında ən sürətli artım tempidir. 2025-ci ildə artım 3,7 faiz (iyun proqnozundan 0,2 faiz bəndi çox) səviyyəsində gözlənilir, 2026-cı il üçün proqnoz isə 3,4 faiz səviyyəsində qalır.

“Azərbaycanda böyük həcmdə dövlət investisiyaları sayəsində 2024-cü ildə artım 2023-cü illə müqayisədə (1,1 faiz) nəzərəçarpacaq dərəcədə yüksək olacaq”.

“Report”