Bu il ölkəmizə 2 milyona yaxın turist gəlib

2024.10.17 14:32 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1983,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Çindən - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 1,5 dəfə, İordaniyadan - 41,3 faiz, İrandan - 38,4 faiz, İtaliyadan - 36,2 faiz, Polşadan - 35,7 faiz, Türkmənistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 28,1 faiz, Yəməndən - 25,3 faiz, ABŞ-dan - 21,8 faiz, Almaniyadan - 21,6 faiz, Özbəkistandan - 20,8 faiz, Misirdən - 20,1 faiz, Rusiya Federasiyasından - 18,4 faiz, Ukraynadan - 18,2 faiz, Türkiyədən - 17,2 faiz, Fransadan - 17,0 faiz, Küveytdən - 16,4 faiz, Moldovadan - 12,3 faiz, Tacikistandan - 11,2 faiz, Gürcüstandan - 10,6 faiz, Böyük Britaniyadan - 10,0 faiz, Bəhreyndən - 10,0 faiz artıb.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.