İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə Assosiasiya nümayəndələri ilə birlikdə sahənin mövcud vəziyyəti və inkişafı ilə bağlı təklif və çətinliklər səsləndirilib, turizm bələdçilərinə münasibətdə dövlət tərəfindən təşviq mexanizmləri və vergi güzəştlərinin verilməsi, həmçinin hesabatlılığın sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.