Bakıda Xəzər İnşaat Həftəsi başlayıb

2024.10.15 10:48 (UTC+04:00)

Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi işinə başlayıb.

“Caspian Event Organisers”dən verilən məlumata görə, 15-17 oktyabr tarixlərini əhatə edən Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.

Bu il keçirilən sərgilərdə keçən illə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılıb.

Sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilən zalını da əhatə edir. Sərgilərdə ilk dəfə olaraq süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər yer alır.

Qarabağın bərpasına həsr olunan “Rebuild Karabakh” sərgisinin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.

“BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar.

“Aquatherm Baku” sərgisində enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramında ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır.