Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər arasındadır.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı keçirilən infosessiyada nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək.
İnfosessiyada həmçinin özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib.
Klasterlərin yaradılmasında məqsəd vətəndaşlar üçün zəruri olan xidmətlərin eyni məkanda cəmlənməsi, gəlirliliyə müsbət təsir etməsi və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır.
Özünüməşğulluq proqramının istehsalat və xidmət zərfləri üzrə monitorinqlərin rəqəmsal və elektron müstəviyə keçirilməsi təklifi də nəzərdən keçirilib.
Bu elektronlaşdırmanın idarəetmənin optimallaşdırılmasına, əməkdaşların iş yükünün azaldılmasına, monitorinq proseslərində effektiv, innovativ və data əsaslı hesabatlığın təmin olunmasına imkan verəcəyi qeyd edilib.
İnfosessiyada Agentlik tərəfindən görülən işlər və qarşıda duran digər hədəflər müzakirə olunub.