Asiya İnkişaf Bankı Azərbaycana dair biznes planını yeniləyəcək

2019.07.24 16:47 (UTC+04:00)

Bu barədə "Report"a AİB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Manafbəyov bildirib. "İyun ayında AİB-nin Azərbaycanla bağlı təsdiq olunmuş yeni strategiyasına uyğun olaraq yenilənən biznes planının qurumdaxili razılaşdırılması artıq başa çatdırılıb", - deyən nümayəndə hökumətin kredit almağa meylli olmadığı nəzərə alınaraq yeni strategiyada texniki dəstək məsələlərinə üstünlük verildiyini, bunun biznes planında əks olunacağını diqqətə çatdırıb. Həmçinin bankdakı qaydalara əsasən, biznes planının hər il yenilənəcəyi də qeyd olunub.

Biznes planının AİB-nin saytında yerləşdirilən ilkin variantında ölkənin enerji, təhsil, maliyyə, İKT, dövlət idarəçiliyi, şəhər infrastrukturu, xidmət kimi sahələrdəki layihələrə üç il ərzində 815 milyon dollar vəsait ayrıla biləcəyi göstərilir. Həmin layihələr arasında enerji təchizatı sisteminin yenilənməsi (335 milyon dollar) və dövlət idarəçiliyinin daha səmərəli olması üçün islahat (250 milyon dollar) proqramlarının davam etdirilməsinə çox diqqət yetirilir. Həmin müddət ərzində həmçinin 5 milyon dollar məbləğində texniki yardım da nəzərdə tutulur.

Sənəddə həmçinin Azərbaycan hökumətinin regional əməkdaşlıq və inteqrasiya ilə bağlı təşəbbüslərini bundan sonra da dəstəkləyəcəkləri vurğulanır. Xatırladaq ki, iyun ayının sonunda AİB-nin qəbul etdiyi Azərbaycanla 2019-2023-ci illər ərzində tərəfdaşlıq strategiyasında özəl sektorun inkişafı və dövlət sektorunun daha səmərəli vəziyyətə gətirilməsi, infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının gücləndirilməsi kimi üç başlıca strateji istiqamətə daha çox diqqət ayrılır. Azərbaycanda maliyyələşdirdikləri layihələrin həyata keçirilməsi məsələsinə toxunan nümayəndəlik rəhbəri bunu müsbət dəyərləndirib:
"Cari layihələrin həftəlik monitorinqi aparılır və son iki il yarım ərzində onların icrasında heç bir problem qeydə alınmayıb", - AİB nümayəndəsi bildirib.