Özbəkistan startapları Azərbaycan bazarına çıxmağa böyük maraq göstərirlər. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Bakıda keçirilən “InMerge Innovation Summit”də iştirak edən “IT Park Uzbekistan”ın nümayəndəsi Cohangir Nurmətov məlumat verib.
Onun sözlərinə görə, bir neçə Özbəkistan startapı “InMerge Innovation Summit”inə qatılıb.
“Onlar Azərbaycan bazarı ilə maraqlanırlar və biz həmin startaplara bu istiqamətdə dəstək göstərməyə hazırıq. Biz burada özbək startaplarının Azərbaycana çıxışı ilə yanaşı, Azərbaycan startaplarının ölkə bazarına cəlb olunması ilə bağlı da müzakirələr aparırıq. Ümid edirik ki, yaxın zamanda müzakirələrin nəticələrini görə biləcəyik. “IT Park Uzbekistan” Azərbaycan şirkətlərini cəlb etməkdə maraqlıdır və onlara investisiya tapmaqda və üçüncü ölkələrin bazarlarına çıxmaqda dəstək göstərməyə hazırdır", - deyə C.Nurmətov bildirib.
O qeyd edib ki, Özbəkistanın startap bazarı çox inkişaf edib və son iki ildə sürətlə böyüyür: “Bizdə beynəlxalq bazarlara çıxış əldə edən, investorları cəlb edən bir çox startap var. Məsələn, ən parlaq nümunələrdən biri 1 milyard dollar dəyərində qiymətləndirilən və ölkəmizin ilk "unicorn"u olan UZUM marketpleysidir. Özbəkistanda belə potensiala malik startaplar kifayət qədər çoxdur”.
C.Nurmətovun sözlərinə görə, hazırda “IT Park Uzbekistan”da iki mindən çox rezident var ki, onların təxminən 10 faizi xarici şirkətlərdir. Startaplar üçün onlayn rezidentlik imkanı mövcuddur.
"Azərbaycan şirkətləri Özbəkistanda olmadan “IT Park Uzbekistan”da qeydiyyatdan keçə bilərlər. Biz onlara təkcə Özbəkistanda deyil, həm də onun hüdudlarından kənarda daha geniş auditoriyaya çıxmaqda dəstək göstərə bilərik", - deyə o bildirib.
Azərbaycan startaplarının hansı dəstəyi ala biləcəyindən danışarkən, o qeyd edib ki, ilk növbədə IT Park onlara investisiya cəlb etmək, şəbəkələşmə və xidmətlərin ixracı sahəsində kömək edə bilər. Bundan əlavə, onlar əlverişli vergi rejimindən də faydalana bilərlər.