Əmlakların ictimai və sosial fondlara əvəzsiz olaraq verilməsinə görə vergi öhdəliyi yaranırmı?

2024.10.16 10:31 (UTC+04:00)

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal: “X” MMC ƏDV ödəyəcisidir. O, digər ƏDV üzrə vergi ödəyicisindən 2024-cü ilin oktyabr ayında 30.000 manat (ƏDV-siz) dəyərində nəqliyyat vasitəsini alaraq Qarabağ Dirçəliş Fonduna əvəzsiz olaraq verib. “X” MMC nəqliyyat vasitəsinə görə digər vergi ödəyicisinə 30.000 manatı bank hesabına, 5.400 manat (30000 x 18%) ƏDV hissəsini isə vergi ödəyicisinin depozit hesabına ödəyib. Bu zaman “X” MMC Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən həmin nəqliyyat vasitəsini əvəzsiz verdiyi üçün ƏDV üzrə öhdəliyi yaranmayacaq. Belə ki, müəssisə ƏDV bəyannaməsinin Əlavə 3 bölməsinin əlavə dəyər vergisinə cəlb olunmayan sətirində qeydiyyatını apararaq dövlət büdcəsinə bəyan edəcək.

Bəs bu halda “X” MMC qarşı tərəfə ödədiyi ƏDV-ni oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirə biləcəkmi?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, dövlət qrumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilən əsas vəsaitlərə görə ödənilən ƏDV məbləği əvəzləşdirilir. Buradan aydın olur ki, “X” MMC oktyabr ayının ƏDV bəyannaməsinin 308-ci xanasında ƏDV üzrə ödədiyi 5.400 manatı rahatlıqla əvəzləşdirə biləcək.