Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Həmin maddənin 2024-cü ilin yanvarın 1-dək qüvvədə olmuş müddəalarında dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması nəzərdə tutulurdu.
Əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəətin hesabına dividendin 2024-cü ilin yanvarın 1-dən sonra elan edilərək ödənilməsi zamanı ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.
Misal: “AA” MMC-nin 2022-2023-cü il üzrə əldə etdiyi xalis mənfəəti 4.000.000 manat olub. Şirkət bu məlumatı 2024-cü ildə elan edir və təsisçiyə 3.000.000 manat dividend vermək qərarını açıqlayır. Bu halda təsisçinin əldə etdiyi dividend gəliri 2024-cü ildə elan edildiyi üçün vergitutma obyekti bu ilə aid edilir. Buna görə də şirkət həmin məbləğə görə ödəmə mənbəyindən 5% vergini hesablayaraq tutacaq.
Bu hal qanunvericilikdə də əksini tapıb. Vergi Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, vergitutma bazası və dövrü 2024-cü ilə təsadüf edir.
Dividend gəliri: 3.000.000 manat;
Ödəmə mənbəyində vergi: 3.000.000 x 5% = 150.000 manat;
Təsisçiyə ödəniləcək məbləğ: 3.000.000 – 150.000 = 2.850.000 manat.