Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

2024.10.15 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 150.1.11-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəmə mənbəyində vergi tutulmalıdır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 150-ci maddələri.