Əmək bazarında yeniliklər: rəqəmsal transformasiya və şəffaf prosedurlar MƏQALƏ

2024.10.10 10:05 (UTC+04:00)

Rəqəmsal transformasiya biznes mühitində əhəmiyyətli dəyişikliklərlə səciyyələnir. Bu proses ilk növbədə texnologiyaların geniş tətbiqini təmin edir. Rəqəmsal texnologiya və xidmətlər məşğulluq sahəsində qaydaları və işçilərin səriştə, bilik və bacarıqlarına münasibəti də dəyişir.

Əmək bazarında rəqəmsal transformasiya məhsuldarlığı, səmərəliliyi və işçilərin məmnunluğunu artıra bilən çoxsaylı faydalar gətirir. Gündəlik tapşırıqların avtomatlaşdırılması işçilərə öz əmək məhsuldarlığını daha strateji, əlavə dəyər yaradan fəaliyyətlərə yönəltməyə imkan verir. Bu, layihələrin daha sürətli tamamlanmasına və ümumi performansın yaxşılaşmasına səbəb olur. Rəqəmsal transformasiya kağızdan istifadə və enerji istehlakının azaldılmasını, optimallaşdırılmış əməliyyatlar vasitəsilə xərclərə qənaət edən və daha davamlı biznes təcrübələrinin formalaşmasını təmin edir.

Rəqəmsal transformasiya innovasiya mədəniyyətini də təşviq edir. Çünki təşkilatlar yeni texnologiya və prosesləri tətbiq edən zaman yeni xidmətlər və biznes modellərinin inkişafını təmin edirlər. Vergi sistemində də rəqəmsallaşma son illər diqqət mərkəzində olan inkişaf prioritetlərindən biridir.

Əmək bazarında rəqəmsal transformasiya məhsuldarlığı, səmərəliliyi və
işçilərin məmnunluğunu artıra bilən çoxsaylı faydalar gətirir

Vergi sistemində rəqəmsallaşma

Vergi sisteminin səmərəli inkişafı vergi ödəyicilərinin fəaliyyəti üçün vacib amildir. Vergi ödəyiciləri rahat, sürətli və asan xidmətlərə üstünlük verirlər. Bu baxımdan rəqəmsallaşma vergi prosedurlarının avtomatlaşdırılmasına imkan verir. Rəqəmsal sistemlər məlumatların daxil edilməsi və hesablamalar zamanı səhvlərə yol verilməsi ehtimalını azaldır. Rəqəmsal transformasiya vergi orqanlarına müxtəlif mənbələrdən real vaxt rejimində məlumat əldə etməyə imkan verir, onların uyğunluğa nəzarət etmək və vergidən yayınma hallarını daha effektiv aşkar etmək imkanlarını təkmilləşdirir. Elektron alətlər vergi orqanlarına böyük həcmdə məlumatları qısa zamanda təhlil etməyə imkan verir. Rəqəmsal platformalar vergi ödəyiciləri ilə əlaqələrin şəffaf olmasını təmin edərək vergi sisteminə inamı gücləndirir. İnzibati xərclərin azaldılması və proseslərin sadələşdirilməsi ilə rəqəmsal transformasiya həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün əhəmiyyətli xərclərə qənaət etməyə səbəb olur. Rəqəmsal alətlər bütün əhali qruplarının məlumat və xidmətlərə çıxışını təmin edir və bununla da vergi sistemində ədaləti təşviq edir. Bütün bunları nəzərə alaraq, ölkəmizin vergi sistemində rəqəmsallaşmanın əhatəsinin genişlənməsi diqqətdə saxlanılır.

Rəqəmsal transformasiya vergi orqanlarına müxtəlif mənbələrdən real vaxt rejimində
məlumat əldə etməyə imkan verir, onların uyğunluğa nəzarət etmək və vergidən
yayınma hallarını daha effektiv aşkar etmək imkanlarını təkmilləşdirir

Əmək müqavilələri elektron formaya keçir

Bir müddət əvvəl əmək və vergi qanunvericliyində edilmiş dəyişikliklərdə əmək müqavilələrinin elektron informasiya sistemi üzərindən elektron sənəd formasında bağlanılması, işçi və işəgötürən tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minməsi məsələləri öz əksini tapıb. Əmək müqavilələrinə dəyişikliklər edilməsi və xitam verilməsi kimi əməliyyatların da elektron informasiya sistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulub. Bu əməliyyatların yerinə yetirilməsi üçün işəgötürənlə yanaşı, işçilərin də gücləndirilmiş elektron imzaya sahib olmaları zəruridir. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən əcnəbilər əmək müqavilələrini “Vətəndaş” tipli Asan İmzadan, həmçinin SİMA İmzadan istifadə edilməklə imzalaya bilərlər. Ödənişsiz həyata keçirilən proses işçilərə əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat verilməsinə, təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla imzalanan əmək müqavilələri haqqında məlumatları əldə etməyə imkan verir. Əmək müqavilələrinin onlayn şəkildə imzalanması vətəndaşların vaxt və vəsaitə qənaət etməsini təmin etməklə kağız daşıyıcılarından istifadəni də xeyli azaldır. Bu dəyişiklik həm də işəgötürənlə münasibətlərin şəffaf olmasına müsbət təsir edir. Əmək müqavilələrinin bağlanmasının işçilərin hərtərəfli təminatı üçün zəruriliyini nəzərə alaraq, vergi orqanları tərəfindən 5 ildən çoxdur ki, intensiv tədbirlər həyata keçirilir. Bu tədbirlər stimulların verilməsi, nəzarətin artırılması və elektron həllərin tətbiqi kimi üsullarla aparılır. Əmək müqavilələrinin elektron informasiya sistemi üzərindən bağlanılması da bu tədbirlərin davamıdır və vətəndaşlar üçün rahat, innovativ və səmərəli mexanizmlərin yaradılmasına xidmət edir.

Gülay NƏBİYEVA