Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 156 qeyri-yaşayış obyekti, 9 torpaq sahəsi, 11 nəqliyyat vasitəsi olmaqla 176 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasının rəsmi nəşri xəbər verir ki, hesabat dövründə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sayı 4,2 dəfə, torpaq sahələrinin sayı 4,5 dəfə, nəqliyyat vasitələrinin sayı isə 1,3 dəfə artıb.
Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 1,9 milyon manatdan çox olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə özəlləşdirmədən muxtar respublika büdcəsinə daxilolmalar 2 dəfə artıb.
Hesabat dövründə hərraclar vasitəsilə 43 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.