Tallində Azərbaycan xalçalarının sərgisi təşkil olunub

2024.10.09 14:00 (UTC+04:00)

Azərbaycanın xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin növbəti sərgisi oktyabr ayının 8-də Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən “Hopneri Maya” muzeyində baş tutub baş tutub.

ASC-dən verilən məlumata görə, tədbirin rəsmi açılışından sonra izləyicilərə iki xalça kolleksiyasından nümunələr təqdim olunub. “Uçan xalçalar” kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir. Vətən müharibəsinin ildönümü və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə hazırlanmış “Qarabağ xalçalarına yeni baxış” və ya “44” xalça kolleksiyasından isə 2 xalça nümayiş olundu.

Tədbir iştirakçıları sərgini izləməklə yanaşı, klassik Qarabağ xalçasının toxunmasında iştirak ediblər. “Azərxalça” ASC-nin toxucusu ilmə atmaq istəyən hər kəsə bu işdə köməkçi olub.

Sərgi bir ay ərzində fəaliyyət göstərəcək. Xalçalarla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto-sərgi də ziyarətçilərə təqdim olunacaq.

Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Qeyd edək ki, “Uçan xalçalar” adlı sərgi bundan öncə Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa və 2024-cü il Avropanın mədəniyyət paytaxtı Liepaya şəhərlərində nümayiş olunub.