Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gedib.
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır.
Dövlətimizin başçısı qeyd edib: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir: “Gündəliyimiz (ikitərəfli münasibətlərin-red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.
Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
Öz növbəsində Prezident Vladimir Putin bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
AZƏRTAC