Son zamanlar islam ölkələrindən olan turist axını Azərbaycanda halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir.
Bunu Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda çıxış edərkən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır.
"Aqrar sahədə gəlirliliyin yüksəldilməsi, dayanıqlı satış kanallarının təmin edilməsi, məşğulluğun artırılması üçün digər dəstək tədbirləri ilə yanaşı, aqrar istehsal və emalı inkişaf etdirmək son dərəcədə vacibdir. Halal standartlar əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını ölkəmiz üçün daha da artıracaq ",- nazir qeyd edib.
Nazir qeyd edib ki, müasir dövrdə dünyada halal standartlar əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artmaqdadır. Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir: “Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib. Zəngin mədəni irs və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib olan Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir", - nazir qeyd edib.
M.Məmmədov əlavə edib ki, ölkəmizin təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradır.
"Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrinin icrası ölkəmizin turizm məkanı kimi cəlbediciliyini daha da artırır, turistlərin sayının artmasına səbəb olur", - nazir əlavə edib.